Tramp çıxışında Qətər və Səudiyyə Ərəbistanı liderləri ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu məsələ ilə bağlı istəklərinə toxunaraq, Türkiyənin roluna diqqət çəkdi. Bu səbəbdən qərarın iqtisadi nəticələri ilə yanaşı, siyasi təsirləri də olacaq və Şam və onun müttəfiqləri üçün böyük əhəmiyyət kəsb edir.
Bu görüş və sanksiyaların ləğvi Suriya üçün nə deməkdir?
Tramp bu qərarı niyə verdi?
Qərarın bölgə geosiyasəti baxımından təsirləri nələr ola bilər?
Bu suallar əsasında mövzunu daha geniş şəkildə təhlil etmək mümkündür.
Dəyişən tələblər, aradan qalxan ilkin şərtlər
Keçən həftə dərc olunan yazıda ABŞ-nin sanksiyaların ləğvi üçün Suriyaya 8 maddəlik tələb siyahısı təqdim etdiyi və tərəflər arasında bəzi maddələrdə fikir ayrılığı olduğu qeyd olunmuşdu. Bu 8 maddədən bir çoxu Dəməşq rəhbərliyinin hazırkı siyasət və ritorikasına uyğun olduğu üçün asanlıqla yerinə yetirilə bilərdi. Lakin xarici döyüşçülərin orduya daxil edilməsi, fələstinli qrupların Suriyadakı fəaliyyəti və İsraillə normallaşmanı nəzərdə tutan “İbrahim Razılaşmaları”na daxil olmaq kimi məsələlərdə danışıqlar davam edirdi.
Bu səbəbdən Trampın Körfəz bölgəsinə səfəri zamanı Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv edildiyini elan etməsi gözlənilməz hadisə oldu. Bundan əlavə, Trampın çərşənbə günü Riyadda Şaara ilə görüşməsi Suriya üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük bir zəfər oldu.
Görüşdən sonra verilən açıqlamalarda və Ağ Ev tərəfindən edilən bəyanatda Trampın Şaaraya 5 maddəlik yeni bir siyahı təqdim etdiyi bildirildi. Bu dəfə isə Tramp bu tələbləri sanksiyaların ləğvi üçün ilkin şərt olmaqdan çıxarıb, proses ərzində yerinə yetirilməsini gözlədiyi siyasi gözləntilərə çevirdi. Eyni zamanda qeyd edilir ki, bu qərarın verilməsində başda Türkiyə olmaqla Qətər və Səudiyyə Ərəbistanının da mühüm rolu olub.
Başqa sözlə, ABŞ Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların, əslində, irəli sürülən tələbləri yerinə yetirməyə təşviq etmədiyini, əksinə, ölkədəki iqtisadi və siyasi sabitliyi pozaraq bu tələblərin yerinə yetirilməsini çətinləşdirdiyini qəbul etmiş oldu.
Tramp üçün kiçik, Suriya üçün böyük addım
ABŞ-nin Suriyaya qarşı sanksiyaları ilk dəfə 1979-cu ildə ölkənin “terrora dəstək verən ölkələr” siyahısına daxil edilməsi ilə başladı. 2011-ci ildəki vətəndaş müharibəsindən sonra isə bu sanksiyalar daha da sərtləşdirildi. Ancaq ABŞ sanksiyalarını digərlərindən fərqləndirən əsas məsələ 2020-ci ildə qüvvəyə minən Sezar Qanunu idi. Bu qanun yalnız Əsəd rejimini və dövlət qurumlarını deyil, eyni zamanda Suriya ilə iqtisadi əlaqəyə girən ölkələri və şirkətləri də cəzalandırırdı.
Hər nə qədər bu sanksiyalar Əsəd rejimini hədəf alsa da, vətəndaş müharibəsindən sonra Suriyanın dirçəlməsi üçün ciddi bir maneəyə çevrilmişdi. Bu səbəbdən sanksiyaların ləğvi ABŞ-nin birbaşa Suriya ilə iqtisadi əməkdaşlıq edəcəyindən çox, Türkiyə və Qətər kimi Şamla yaxın əlaqələri olan ölkələr və beynəlxalq şirkətlər üçün yeni imkanlar yaratması baxımından olduqca dəyərlidir.
Bundan əlavə, qərarın siyasi əhəmiyyəti də az deyil. ABŞ ilə Suriya arasında prezident səviyyəsində son görüş 2000-ci ilin martında Cenevrədə, o zamankı ABŞ prezidenti Bill Klinton ilə Suriya prezidenti Hafiz Əsəd arasında olmuşdu. 11 sentyabr hücumları, ABŞ-nin İraqı işğalı və Suriyadakı vətəndaş müharibəsi kimi hadisələrdən sonra Əsəd rejimi tam diplomatik təcridə məruz qalmışdı. Şaaranın Tramp ilə görüşü isə bu təcridin qırılması və Suriyanın yeni bir mərhələyə keçdiyini göstərməsi baxımından mühüm hadisədir.
Şamın uğurlu siyasəti
Bu müddətdə Şam rəhbərliyinin də uğurlu bir siyasət apardığı qeyd olunmalıdır. Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının ABŞ ilə danışıqları ilə yanaşı, Şam son həftələrdə Çin şirkətləri və dövlət rəsmiləri ilə də görüşlər keçirərək, Çindən investisiya almağa açıq olduğunu göstərdi. Sanksiyalar səbəbindən keçirilən ticarət sərgilərində türk, rus və çinli şirkətlər iştirak etsə də, ABŞ və Avropa şirkətləri bu tədbirlərdən uzaq qaldı. Yəni Şam Trampın xüsusi əhəmiyyət verdiyi ABŞ-Çin rəqabətini bir vasitəyə çevirərək, sanksiyaların əslində Amerika şirkətlərinin Suriya bazarına daxil olmasının qarşısını alan bir mexanizm olduğunu Trampa anladıb.
Nəticədə Tramp üçün kiçik görünən bu qərar, Suriya üçün olduqca böyük bir uğura çevrildi.
Növbəti mərhələ nə olacaq?
Trampın sanksiyaların ləğvini elan etməsi belə Suriyada böyük bir müsbət atmosfer yaratdı. Suriya lirəsi ABŞ dolları qarşısında 30%-ə qədər dəyər qazandı və ölkənin müxtəlif şəhərlərində küçələrdə sevinclə qeyd edildi. 14 ildir davam edən vətəndaş müharibəsinin yaratdığı dağıntı və iqtisadi təcrid Suriyanı çox ağır vəziyyətə salmışdı. Amma sanksiyaların ləğvi ölkənin qısa zamanda toparlanacağına dair ümidləri artırdı. Xüsusilə bankçılıq sahəsində ediləcək sərmayələr Suriyanın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyası üçün böyük bir addım olacaq.
Siyasi baxımdan da Şamın dünyaya yenidən inteqrasiyasının qarşısındakı maneələrin daha tez aradan qalxması və ABŞ-dən sonra Avropa İttifaqı və BMT-nin də sanksiyaları ləğv etməsi gözlənilə bilər.
Eyni zamanda, bu görüş və sanksiyaların ləğvi Suriyadakı daxili güc balanslarına da təsir edəcək. İqtisadi dirçəliş artdıqca gündəlik həyat düzənə düşəcək, narazılıqlar azalacaq və Şaara rəhbərliyinə etimad artacaq. Trampın Şaara ilə görüşü Şam rəhbərliyinin legitimliyini gücləndirəcək və YPG ilə aparılan danışıqlarda üstünlük qazandıracaq.
Nəticə
Tramp-Şaara görüşü və sanksiyaların ləğvi Suriyanın və başda Türkiyə olmaqla müttəfiqlərinin böyük zəfəri sayılır. Trampın hər fürsətdə bu qərarı Ərdoğanla məsləhətləşərək verdiyini söyləməsi və Suriyaya yeni başlanğıc şansı verdiyini bildirməsi Suriyanın sabitliyini öz milli təhlükəsizliyi baxımından önəmli sayan Türkiyə üçün də vacib bir qazancdır. Hərçənd Suriyada hələ də müharibənin mirası olan saysız-hesabsız problemlər mövcuddur, ancaq yeni Suriyada sabitlik istəyən aktorların qazandığı, qeyri-sabitlik axtaranların isə məğlub olduğu bir prosesin başladığını demək mümkündür.
Asif Cəfərov
Ordu.az